top of page

Elektron ticarətə maraq artır

 

   Bu gün insanlar onlayn formada, internet vasitəsilə istənilən malı sifariş edib öz evlərinə qədər gətirdə bilirlər. Dünyanın inkişaf etmiş ölkələrində aparılan ticarətin yarıdan çoxu məhz elektron yolla həyata keçirilir. Burada alıcılar üçün əsas üstünlük əlavə vəsaitə və vaxta, satan tərəf üçünsə işçilərə və parakəndə ticarət obyektinin saxlanmasına çəkilən xərclərə qənaət etməkdir.

 

      Azərbaycanda e-ticarətinsəviyyəsi aşağıdır 

   

    Bu gün Azərbaycanda aparılan ticarət əməliyyatlarının cəmi 3%-ə qədəri elektron şəkildə həyata keçirilir. ABŞ-da bu rəqəm 75%, Avropa ölkələrində isə 60%-dir. Hazırda Azərbaycanda elektron ticarət vasitəsilə, əsasən, restoranlardan yemək, iri marketlərdən ərzaq, parfümeriya məhsulları, kiçik elektron cihazlar, turizm şirkətlərindən isə biletlər və s. sifariş edilir.

Azərbaycanda elektron ticarətlə məşğul olan sahibkarlar əhalinin bu üsulla alış-verişə az meyil etməsinin səbəbini əksər insanların hələ də ödədikləri pulun tam şəkildə həmin şirkətə çatacağına inanmadıqları ilə izah edirlər. Ölkədə ticarətin inkişafını ləngidən digər bir amil isə satılan mallara verilən zəmanətlə bağlıdır. Məsələn, vətəndaş və ya alıcı elektron ticarətdən istifadə etməklə hansısa məhsulu alırsa və həmin məhsul keyfiyyətli deyilsə, onun geri qaytarılması mexanizmi, demək olar ki, yoxdur. Çünki elektron ticarətlə məşğul olanların bəzilərinin konkret ofisi olmadığından, malın geri qaytarılması və malın keyfiyyətsiz olduğunun sübut edilməsi kifayət qədər böyük vaxt tələb edir. Bununla belə, ölkəmizdə elektron ticarətə maraq artır.

 

       Əhalinin maarifləndirilməsinə ehtiyac var

   

   Son vaxtlar «Facebook» sosial şəbəkəsi qanunları, əhalisi və s. olan reklam bazarına və nəhayət, iqtisadiyyata, geniş bazar imkanlarına malik virtual bir məkana çevrilməkdədir. «Facebook»un onlayn alış-veriş mərkəzi dünyanın aparıcı alış-veriş saytlarını - Amazon, Ebay və s. saytlarını ciddi şəkildə qorxutmaqdadır. Çünki «Facebook»un qurduğu sistem yeni nəsil onlayn alış-veriş mərkəzidir və onun milyonlarla müştəriləri mövcuddur. Ekspertlərin qənaətinə görə, Azərbaycanda da insanların əksəriyyəti onlayn alış-verişdə «Facebook»a üstünlük verirlər.

      Elektron xidmətlər sahəsində təcrübəsi olan «GoldenPay» şirkətinin rəhbəri Fərid İsmayılzadənin sözlərinə görə, elektron xidmətlər dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, baş verə biləcək bütün neqativ halların qarşısının alınmasına, dövlət idarəetmə sisteminin ən müasir standartlar səviyyəsinə yüksəlməsinə imkan yaradır. Həmçinin, elektron xidmətlər vətəndaşların tələbatlarına, iqtisadi effektivliyə, vətəndaş nəzarətinin açıq olmasına səbəb olur. Bu sistem dövlət strukturlarının müasir informasiya texnologiyalarından istifadə etməklə istehlakçılara bilavasitə informasiya xidmətlərinin təşkilinə münbit şərait yaradır.

   Fərid İsmayılzadənin sözlərinə görə, son illər Azərbaycanda inkişaf tendensiyası və müasir texnologiyalardan istifadənin hüdudlarının genişlənməsi, bir çox xidmətlər kimi, onlayn ticarətə də tələbi artırıb və bu sahədə hər il müsbət dinamika müşahidə olunmaqdadır. Çünki elektron ticarət vətəndaşlar üçün rahatlığı təmin edir. Ancaq hazırda əsas məqsədlərdən biri əhalinin elektron ödəmələr barədə məlumatlandırılmasını, maarifləndirilməsini gücləndirmək, onlarda onlayn ödəniş vərdişlərini formalaşdırmaq üçün səyləri artırmaqdır.

 

      

     E-ticarətə verginəzarəti təkmilləşdirilir

 

    Elektron ticarətdə «elektron pulların» tətbiqi bu sahəyə vergi nəzarətinin həyata keçirilməsini zəruri edir. Elektron ticarət həyata keçirən bir sıra şəxslər hesab edirlər ki, onların fəaliyyəti virtual aləmdə olduğu üçün vergiləri ödəməyə bilərlər. Ancaq vergi orqanlarının qənaətinə görə, internet, sadəcə, satıcı ilə alıcı arasında əlaqə növüdür və onlar arasında aparılan sövdələşmələrin nəticəsi üzrə yaranan vergi öhdəliklərini ləğv edə bilməz.

     Bu əməliyyatların trans­milli olması isə vergi nəzarətinə əlavə problemlər yaradır. Təcrübə göstərir ki, bir çox hallarda elektron ticarət əməliyyatları həyata keçirən şəxsin, yəni satıcının bir dövlətin, alıcının isə digər dövlətin rezidenti olması, serverin üçüncü bir dövlətdə yerləşməsi vergiyə cəlb edilmədə problemlər yaradır. Bununla bağlı bir çox dövlətlərin vergi orqanlarının qarşısında duran əsas vəzifə elektron ticarət əməliyyatları həyata keçirən şəxsin rezidentliyinin və elektron ticarət əməliyyatlarının sənədləşməsinin aparılmasının təmin edilməsidir.

    Vergilər Nazirliyində Azərbaycanda elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı təkliflər paketi hazırlanır. Hazırda bütün dünyada geniş yayılan elektron ticarətin populyarlaşması fonunda nazirlik Azərbaycanda da bu sahənin vergiyə cəlb olunması ilə bağlı işlər aparır. Elektron ticarət sahəsində qabaqcıl təcrübənin öyrənilməsi istiqamətində müəyyən işlər görülür, ayrı-ayrı Avropa ölkələrinin təcrübələri araşdırılır. 

 

Müəllif: Rəşad SADIQOV

bottom of page